Qalereya

“ABŞERON KÜLƏKLƏRİ”

Butunay Haqverdiyevın fərdi sərgisi. 21 iyul – 03 avqust, 2022 Mənzərə janrı heç də ilk baxışdan göründüyü qədər sadə və asan deyil. Bu janr çərçivəsində rəssam təbiətin həm özünə, həm də onun güclə sezilən hallarına hədsiz dərəcədə çox yaxınlaşır. Bundan başqa mənzərə təbiətin emosional vəziyyətinin kor-koranə təqlidi və kopyalanması deyil, onun düşünülmüş şəkildə dərk edilməsi, insanlara ötürülməsidir. Mahir təsvir savadına və rəsm texnikasına sahib olması Butunay Haqverdiyevə qarşısında insan əməyi ilə yaradılan rəsm olduğunu unutduraraq duyğularını bütün tamlığı ilə çatdırmağa imkan verir. Sən isə sadəcə olaraq düşünürsən ki, insan cansız boyaların köməyi ilə mütləq reallığı bu cür canlandırmağı, cisimlərin, xüsusən də, nadir sovet maşınlarının təbiətini göstərməyi, insan iştirakının illüziyasını yaratmağı necə bacara bilmişdir. Butunayın əsərlərində hər şey harmoniya içərisindədir, doğma Abşeronun təbiəti sakit və mülayimdir. Sənətkar bu vəziyyətə işığın incə qradasiyalarının köməyi ilə nail olur. Müəllif texnikadakı ustalığının sayəsində rəsm çəkərkən hiss etdiyi harmoniyanı bizə çatdırır. Biz rəssamın hər bir əsərini sevgi ilə yaratdığını hiss edirik. Müəllif bizə yayın sonunun, payızın yaxınlaşmasının havada cüzi hiss olunduğu vəziyyəti çatdırıb. Rəssamın yaratdığı hər bir mənzərə əhval-ruhiyyənin mənzərəsi, Abşerona sevgi etirafıdır. Butunayın kətanlarında böyük sənətkarı digərlərindən fərqləndirən hamıya tanış olan obrazda başqalarının gözündən qaçan anlıq məqamı göstərmək bacarığı var. Rəssam keçmişi və indini möcüzəvi şəkildə bir kətanın üzərində birləşdirir, lirik mənzərə isə dünyanın quruluşunun fəlsəfi dərkinin dərinliyini əldə edir. Butunayın rəsmləri kompozisiyasına görə mürəkkəb olmayan süjeti və sadəliyi ilə tamaşaçıların baxışlarını cəlb edir. Günəşlə işıqlandırılan köhnə avtomobillər işıq və kölgənin füsunkar oyununu yaradır. Rəssamın detallara olan diqqəti, kompozisiya ilə həssas işi insanı valeh edir, sadə mənzərəni əsl real sənətin gerçək bir nümunəsinə çevirir.